Xəbərlər

“Gənc Hüquq Müdafiəçiləri” layihəsinin qaliblərinin mükafatlandırma mərasimi

“Gənc Hüquq Müdafiəçiləri” məhkəmə müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Azərbaycan Respublikası Ali Məhkəməsində təşkil olunmuş tədbirdə Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov, Elm və təhsil nazirinin müavini İdris İsayev, Vəkillər Kollegiyasının aparat rəhbərinin müavini Səttar Məmmədov, Azərbaycan Respublikası Milli Məclisi deputatları Kamal Cəfərov, Bəhruz Məhərrəmov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Qədiməliyev, Ali Məhkəmə, Elm və Təhsil Nazirliyi, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Bakının inzibatı rayonları üzrə məhkəmələrin sədrləri, məktəb direktorları, mentor tələbələr və şagirdlər iştirak ediblər.

Əvvəlcə BŞTİ-nin “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyi və “ELSA Azərbaycan” ilə birgə əməkdaşlığı çərçivəsində keçirilən müsabiqənin finalına vəsiqə qazanmış komandalarının (Bakı şəhəri 193 nömrəli tam orta məktəb, Məktəb-Lisey Kompleksi, Tərəqqi və 291 nömrəli Ekologiya liseyləri) səhnələşdirilmiş məhkəmə prosesi izlənilib.

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov müsabiqənin final mərhələsinə yüksələn komandaları təbrik edib və onlara uğurlar arzulayıb. Sədr müavini müsabiqədə iştirak edən şagirdlərin gələcəkdə peşəkar hüquqşünas olacağına və ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində mühüm rol oynayacaqlarına inandığını bildirib.

Elm və təhsil nazirinin müavini İdris İsayev müsabiqənin gənc nəslin qanuna hörmət ruhunda formalaşdırılması, vətəndaş cəmiyyətinin əsaslarının möhkəmləndirilməsinə, hüquqi savadlılığın artmasına töhfə vermək məqsədilə keçirildiyini bildirib. İ.İsayev dövlət siyasətinin əsas tərkib hissəsi olan intellektual və savadlı gəncliyin yetişdirilməsi işində belə müsabiqələrin rolundan, şagird-tələbə əməkdaşlığının uğurlu nəticələrindən danışıb. 

Azərbaycan Respublikası Milli Məclisi deputatı Kamal Cəfərov belə bir müsabiqənin keçirilməsini yüksək dəyərləndirib. K.Cəfərov müsabiqənin tələbələrin, eyni zamanda gələcəkdə hüquqşünas olmaq istəyən məktəblilərin inkişafında müstəsna rol oynadığını, onlara nəzəri bilikləri praktik formada tətbiq etməyi və təkmilləşdirməyi öyrətdiyini söyləyib. 

BŞTİ-nin müdir müavini Anar Qədiməliyev müsabiqənin əhəmiyyəti barədə məlumat verib. Müdir müavini yuxarı sinif şagirdlərinin bu müsabiqədə iştirakını hüquqşünaslıq ixtisası və məhkəmə mühiti ilə yaxından tanış olmaq şansı kimi qiymətləndirib. Müdir müavini davamlı təşəbbüsə və gənclərə verilən dəstəyə görə Elm və Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Ali Məhkəməsinə, digər məhkəmə instansiyalarına, “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyi və “ELSA Azərbaycan”a təşəkkürünü bildirib.

Daha sonra müsabiqənin nəticələri açıqlanıb. Qalib komandalara, həmçinin müxtəlif nominasiyalar üzrə fərqlənən şagirdlərə diplom və hədiyyələr təqdim olunub. 

Hakimlər və təlimçilər isə “Femida Könüllüləri” Təşkilatı və ELSA Azərbaycanın sədrləri Nilgün Məmmədova və Nazim Çələbiyev tərəfindən təşəkkürnamə ilə təltif ediliblər.

Tədbirin sonunda xatirə şəkil çəkdirilib.