Xəbərlər

Ədliyyə Nazirliyi ilə Memorandum imzalanıb

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə Femida Könüllüləri Təşkilatı arasında Memorandum imzalanıb

Müasir Azərbaycan gəncliyinin hərtərəfli inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin təməlini qoyduğu dövlət gənclər siyasəti ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilərək gənclərin ictimai-siyasi həyatda fəallığı, təşəbbüskarlığı, dövlət idarəçiliyində təmsilçiliyi və rolu artıb, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənib, könüllülük hərəkatı geniş vüsət alıb. İstedadlı gənclərin dəstəklənməsi, onların innovativ potensiallarının və bacarıqlarının üzə çıxarılması istiqamətində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mühüm fəaliyyəti xüsusi qeyd olunmalıdır.  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində, mayın 8-də Ədliyyə Nazirliyi və “Femida könüllüləri” Təşkilatı İctimai Birliyi arasında ədliyyə sahəsində könüllülük fəaliyyətinin təşkili haqqında Memorandum imzalanıb. Memorandumun məqsədi ədliyyə sistemində gənclərin iştirakçılığını və təcrübə keçmələrini təşkil etmək, işləməyə həvəslərini artırmaq, onların yaradıcı və innovativ potensialını üzə çıxarmaq və vətəndaşlar arasında hüquqi maarifləndirmə işinə dəstək göstərməkdir. İmzalanma mərasimində ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatının əhəmiyyətindən, gənclərin dövlət idarəçiliyində fəal iştirakından bəhs olunub, Memorandumun könüllü fəaliyyət sahəsində faydalı əməkdaşlığa və gənclərin ədliyyə sistemi ilə yaxından tanış olaraq fərdi inkişaflarının və məşğulluqlarının təmin edilməsinə töhfə verəcəyi bildirilib.