“Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu”
4-18 dekabr tarixlərində keçiriləcək “Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi, “ASAN xidmət”in tərəfdaşlığı ilə “Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu” baş tutub.Dekabrın 4-də Bakı Konqres Mərkəzində 3500-ə yaxın Azərbaycan Könüllüsünü bir araya toplayan forum “Konstitusiya və Suverenlik ili”nə həsr edilib.
Könüllülük fəaliyyətinin ölkədə daha da genişlənməsi, eyni zamanda könüllüləri cəmiyyətin inkişafına daha fəal şəkildə qatılmağa təşviq edərək sosial məsuliyyətlərini artırmaq məqsədilə həyata keçirilən forumda ölkədə fəaliyyət göstərən könüllü təşkilatlarının sərgisi keçirilib. Sərgi zamanı könüllü təşkilatlarının fərdi stendlərində Azərbaycan könüllülərinin müxtəlif sahələrdə fəaliyyəti və nailiyyətləri ilə bağlı məlumatlar nümayiş olunub. Forumda iştirak edən dövlət rəsmiləri və Azərbaycan Könüllüləri sərgi ilə tanış olublar.
Sözügedən Forumda 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin 5-ci ildönümünə həsr edilmiş videoçarx, müxtəlif sahələrdə könüllülərin fəaliyyətini əks etdirən videohesabatlar nümayiş etdirilib.
Forum çərçivəsində könüllülük fəaliyyətinin qiymətləndirilməsinə və gənclərin sosial məsuliyyətlərinin təşviqinə yönəlmiş önəmli addım olaraq 50-dən çox könüllü gənc 2025-ci il üzrə “İlin Könüllüsü” mükafatı ilə təltif olunub.
Tədbirin yekununda Forum iştirakçılarının xatirə fotosu çəkilib.







