“Azərbaycan Könüllülük Həftəsi 2025”
6–9 dekabr 2025-ci il tarixlərində Quba rayonunda könüllülər üçün təlim-düşərgə keçirilib.Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Quba rayonunda “Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində genişmiqyaslı təlim-düşərgə həyata keçirilib. Düşərgənin əsas məqsədi gənclərin hüquqi biliklərinin artırılması, praktiki bacarıqlarının inkişaf etdirilməsi və komandada işləmək vərdişlərinin gücləndirilməsi olub.
Təlim-düşərgənin 3 və 4-cü günlərində iştirakçılar üçün “Zəfərə gedən yol” panel müzakirəsi, “Gənc hüquqşünasların inkişafında könüllülüyün rolu” sessiyası və “Legal Ring” adlı intellektual oyun təşkil edilib.
“Zəfərə gedən yol” panelində Vətən Müharibəsinin qaziləri Əhliyyət Mehdiyev, Rahil Xəlilov, Aslan Cəfərov və Mahur Həmidov çıxış ediblər.
“Gənc hüquqşünasların inkişafında könüllülüyün rolu” sessiyasında Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Ədilov iştirak edib və iştirakçılara münaqişələrin sülh yolu ilə həlli və mediasiya prinsipləri barədə məlumat verib.
“Legal Ring” intellektual oyunu iştirakçıların hüquqi biliklərini praktiki şəkildə sınamaq və komandalar arasında rəqabət mühiti yaratmaq məqsədi daşıyıb.
Sessiyalar zamanı gənclər müharibə hüququ, məhkəmə prosesləri, hüquqi prosedurlar və tərəflərin mövqelərinin müdafiəsi üzrə nəzəri biliklər qazanıb, interaktiv sual-cavab formatında müzakirələr aparıblar. Bu fəaliyyətlər onların hüquqi düşüncə qabiliyyətini, analitik yanaşma və problem həll etmə bacarıqlarını gücləndirib.
Düşərgə çərçivəsində təlimlərlə yanaşı, iştirakçıların asudə vaxtlarını səmərəli keçirmələri üçün xüsusi əyləncə saatları, komanda oyunları və sosiallaşma imkanları da yaradılıb. Bu fəaliyyətlər gənclərin bir-biri ilə daha səmimi ünsiyyət qurmasına, komanda ruhunun formalaşmasına və düşərgə atmosferinin daha dinamik olmasına şərait yaradıb.










