“Dəyirmi Masa” layihəsinin növbəti buraxılışı
“Femida Könüllüləri” Təşkilatının “Dəyirmi Masa” layihəsinin növbəti buraxılışının qonaqları Yasamal Rayon Məhkəməsinin hakimi Fariz Əlizadə və Nəsimi Rayon Məhkəməsinin hakimi Vüsalə Musayeva olub.“Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi” mövzusuna həsr olunmuş buraxılış zamanı hakimlər bu hüquqi institutun müqavilə öhdəliklərinə necə təsir etdiyini, tərəflərin hüquq və vəzifələrində hansı dəyişikliklərə səbəb ola biləcəyini izah ediblər. Onlar, həmçinin məhkəmə praktikasından konkret nümunələr göstərərək bu halın məhkəmələr tərəfindən necə qiymətləndirildiyi barədə fikirlərini bölüşüblər.
Fariz Əlizadə və Vüsalə Musayeva mövzuya daha çox praktiki prizmadan yanaşaraq, xüsusilə pandemiya dövründə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hallarının artdığını vurğulayıb, bu səbəbdən məhkəmələrin müqavilələrin yenidən nəzərdən keçirilməsi və ya ləğv olunması ilə bağlı müraciətlərlə daha tez-tez qarşılaşdıqlarını qeyd ediblər.
Bundan əlavə, görüş zamanı Almaniya qanunvericiliyi, Avstriya, İngiltərə və Şotlandiya məhkəmə təcrübəsi müqayisəli şəkildə təhlil olunub, kazuslar və məhkəmə presedentləri geniş müzakirə edilib.
Görüşün sonunda hakimlər öz təcrübəsini bölüşərək, könüllüləri maraqlandıran sualları cavablandırıblar.