“Femida Akademiya” layihəsi çərçivəsində “Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında (2002–2026)” mövzusunda təlim
Femida Könüllülərinin hüquq sahəsində peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirilən “Femida Akademiya” layihəsi çərçivəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatının əməkdaşı Absalam Məmmədov tərəfindən “Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında (2002–2026)” mövzusunda təlim sessiyası keçirilib.Təlim zamanı Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsi ilə qarşılıqlı fəaliyyəti, Azərbaycanla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları və həmin qərarların milli hüquq sisteminə təsiri, eləcə də İnsan Hüquqları üzrə Avropa Konvensiyasından irəli gələn öhdəliklər ətraflı şəkildə izah edilib.
Sessiya çərçivəsində Azərbaycanla bağlı müxtəlif məhkəmə işləri və presedentlər təhlil olunub, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında formalaşdırdığı hüquqi mövqelər nəzərdən keçirilib. Praktiki nümunələr əsasında aparılan müzakirələr iştirakçıların Konvensiya normalarının tətbiqi, AİHM-in presedent hüququnun təhlili və məhkəmə qərarlarının hüquqi əhəmiyyətinin qiymətləndirilməsi üzrə biliklərinin inkişafına töhfə verib.
Təlim zamanı iştirakçıların sualları cavablandırılıb, Azərbaycanla bağlı AİHM təcrübəsində aktual məsələlər ətrafında interaktiv fikir mübadiləsi aparılıb.


