Xəbərlər

“Femida Akademiya” layihəsi çərçivəsində “Ədalət mühakiməsində kargüzarlığın və elektron sənəd dövriyyəsinin rolu” mövzusunda təlim

Femida Könüllülərinin hüquq sahəsində peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirilən “Femida Akademiya” layihəsi çərçivəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Şahin Qəhrəmanov tərəfindən “Ədalət mühakiməsində kargüzarlığın və elektron sənəd dövriyyəsinin rolu” mövzusunda təlim sessiyası keçirilib.

Təlim zamanı ədalət mühakiməsinin səmərəli və şəffaf həyata keçirilməsində məhkəmə kargüzarlığının, sənədlərin düzgün rəsmiləşdirilməsi və elektron sənəd dövriyyəsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Elektron sənəd dövriyyəsinin məhkəmə fəaliyyətində operativliyin, şəffaflığın və məlumatların əlçatanlığının təmin olunmasındakı rolu izah edilib.

Sessiya çərçivəsində məhkəmələrdə sənədlərlə işin təşkili, vətəndaş müraciətlərinə baxılması, sənədlərin qəbulu, qeydiyyatı və icrasına nəzarət mexanizmləri, eləcə də elektron sistemlərdən istifadənin hüquqi və praktiki aspektləri müzakirə olunub.

Təlim zamanı iştirakçılar üçün praktiki nümunələr təqdim edilib, məhkəmə kargüzarlığının gündəlik fəaliyyətdə tətbiqi ilə bağlı müxtəlif situasiyalar təhlil olunub. İnteraktiv müzakirələr iştirakçıların məhkəmə sənədləri ilə iş, elektron sənəd dövriyyəsi və müasir məhkəmə idarəçiliyi sahəsində bilik və bacarıqlarının inkişafına töhfə verib.

Sessiyanın sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.