“Femida Akademiya” layihəsi çərçivəsində “İbtidai istintaqın aparılması qaydası” mövzusunda təlim
“Femida Akademiya” layihəsi çərçivəsində məhkəmə modulunun STEP I mərhələsi üzrə Mingəçevir Şəhər Məhkəməsində hakim Tural Hüseynli tərəfindən Femida Könüllüləri üçün “İbtidai istintaqın aparılması qaydası” mövzusunda təlim sessiyası keçirilmişdir.
Təlim zamanı ibtidai istintaq mərhələsinin mahiyyəti və əsas prinsipləri, ibtidai istintaq orqanlarının səlahiyyətləri, istintaq hərəkətlərinin aparılması qaydaları, sübutların toplanması və rəsmiləşdirilməsi, habelə cinayət-prosessual qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda, ibtidai istintaq zamanı praktikada rast gəlinən hüquqi məsələlər və istintaq hərəkətlərinin həyata keçirilməsi qaydaları praktiki nümunələr əsasında izah edilmişdir.
Sonda könüllülərin sualları cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmış və iştirakçıların cinayət-prosessual hüquq üzrə nəzəri və praktiki bilikləri möhkəmləndirilmişdir.
