Xəbərlər

“Femida Akademiya” layihəsi çərçivəsində “İnzibati məhkəmə icraatı, iddianın növləri və mümkünlüyü şərtləri” mövzusunda təlim

Femida Könüllülərinin hüquq sahəsində peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirilən “Femida Akademiya” layihəsi çərçivəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati işlər üzrə sektor müdiri Röya Həkimzadə tərəfindən “İnzibati məhkəmə icraatı, iddianın növləri və mümkünlüyü şərtləri” mövzusunda təlim sessiyası keçirilib.

Təlim zamanı inzibati məhkəmənin anlayışı və xüsusiyyətləri, inzibati məhkəmələrdə baxılan işlərin dairəsi, iddianın növləri və onların hüquqi xüsusiyyətləri, eləcə də iddianın mümkünlüyü şərtləri ətraflı izah edilib. Həmçinin iddianın mümkünlüyünün müəyyənləşdirilməsi zamanı nəzərə alınan hüquqi meyarlar və məhkəmə təcrübəsində bu məsələlərlə bağlı yaranan aktual problemlər iştirakçıların diqqətinə çatdırılıb.

Sessiya çərçivəsində mövzu ilə bağlı müxtəlif kazuslar həll edilib, məhkəmə təcrübəsindən nümunələr təhlil olunub və iştirakçılarla interaktiv müzakirələr aparılıb. Praktiki nümunələr əsasında keçirilən müzakirələr iştirakçıların inzibati mübahisələrin hüquqi təhlili, iddianın düzgün növünün müəyyən edilməsi və mümkünlük şərtlərinin qiymətləndirilməsi üzrə bilik və bacarıqlarının inkişafına töhfə verib.

Təlimin sonunda Femida Könüllülərini maraqlandıran suallar cavablandırılıb, inzibati məhkəmə icraatı, iddianın növləri və mümkünlüyü ilə bağlı məhkəmə təcrübəsində rast gəlinən aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.