“Femida Akademiya” layihəsi çərçivəsində “Rəqəmsallaşma şəraitində mülki-hüquqi müqavilələrin hazırlanması və bağlanması” mövzusunda təlim
“Femida Akademiya” layihəsi çərçivəsində məhkəmə modulunun STEP I mərhələsi üzrə Şamaxı Rayon Məhkəməsinin sədri Fərid Yaqubov tərəfindən Femida Könüllüləri üçün “Rəqəmsallaşma şəraitində mülki-hüquqi müqavilələrin hazırlanması və bağlanması” mövzusunda təlim sessiyası keçirilmişdir.Təlim zamanı rəqəmsallaşma şəraitində mülki-hüquqi müqavilələrin hazırlanması və bağlanmasının xüsusiyyətləri, müqavilələrin hüquqi qüvvəsi, elektron formada bağlanması və bu prosesdə nəzərə alınmalı hüquqi məsələlər barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda, müqavilə münasibətlərində tərəflərin hüquq və öhdəlikləri, müqavilələrin tərtibinə dair əsas tələblər və məhkəmə təcrübəsində rast gəlinən məsələlər praktiki nümunələr əsasında izah edilmişdir.
Sonda könüllülərin sualları cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmış və iştirakçıların rəqəmsallaşma şəraitində müqavilə münasibətlərinə dair bilikləri möhkəmləndirilmişdir.
