Xəbərlər

“Femida Akademiya” layihəsi çərçivəsində təlim

Femida Könüllülərinin hüquq sahəsində peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirilən “Femida Akademiya” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Ali Məhkəməsinin əməkdaşı, təlimçi Səadət Qəhrəmanova tərəfindən “Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər” mövzusunda təlim sessiyası keçirilib.

Təlim zamanı mülki hüquq pozuntularından irəli gələn öhdəliklərin anlayışı, hüquqi əsasları, delikt məsuliyyətinin yaranma şərtləri, vurulmuş zərərin əvəzinin ödənilməsi və təqsir məsuliyyətinin tətbiqi ilə bağlı əsas hüquqi məsələlər iştirakçıların diqqətinə çatdırılıb. Bununla yanaşı, mövzu üzrə qanunvericiliyin tətbiqi xüsusiyyətləri və formalaşmış məhkəmə təcrübəsi ətraflı şəkildə izah olunub.

Sessiya çərçivəsində müxtəlif kazuslar həll edilib, real məhkəmə təcrübəsi təhlil olunub və iştirakçılarla interaktiv müzakirələr aparılıb. Təlim praktiki nümunələr əsasında iştirakçıların hüquqi təhlil bacarıqlarının inkişaf etdirilməsi, delikt öhdəliklərinin düzgün qiymətləndirilməsi və hüquqi normaların tətbiqi istiqamətində biliklərinin möhkəmləndirilməsinə töhfə verib.

Təlimin sonunda Femida Könüllülərini maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı hüquqi yanaşmalar və praktik tətbiq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.