Xəbərlər

“Femida Akademiyası” layihəsi çərçivəsində təlim

22 - 23 may 2025-ci il tarixlərində müxtəlif modullar üzrə fəaliyyət göstərən könüllülər üçün "Konstitusiya və Suverenlik İli” çərçivəsində Femida Könüllülərinin hüquq sahəsində peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirilən “Femida Akademiyası” layihəsi çərçivəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin əməkdaşı, təlimçi Lamiyə Türkmənli tərəfindən “Cinayət mühakimə icraatının vəzifələri, əsas prinsipləri və şərtləri” mövzusuna həsr olunmuş təlim sessiyası baş tutub.

Təlim zamanı iştirakçılar cinayət mühakimə icraatının hüquqi mahiyyəti, onun həyata keçirilməsində rəhbər tutulan əsas prinsiplər – qanunçuluq, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi, konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi və digər prinsiplər barədə ətraflı məlumat əldə ediblər. Eyni zamanda, mühakimə icraatının vəzifələri – cinayət hadisələrinin obyektiv araşdırılması, təqsirsizlik prezumpsiyası, sübutetmə yükünün düzgün bölüşdürülməsi və cinayət hüququnun müdafiə funksiyası kontekstində iştirakçılara praktiki nümunələr əsasında izah olunub.

Sonda Femida Könüllülərini maraqlandıran suallar cavablandırılıb.