Xəbərlər

“Femida Könüllüləri” düşərgədə

"Azərbaycan Könüllülük Həftəsi 2025" çərçivəsində 6-9 dekabr tarixlərində Quba rayonunda Gənclər və İdman Nazirliyi və “Femida Könüllüləri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Zəfər salnaməsi: Hüquq və Birliyimiz” gənclər düşərgəsi keçirilir.

Düşərgəyə ölkənin müxtəlif ali təhsil müəssisələrində hüquq ixtisası üzrə təhsil alan 90 nəfər tələbə cəlb olunub.

Proqram çərçivəsində “Vətən müharibəsinin hüquqi aspektləri”, “Məhkəmə çəkişmələrinin mərhələləri”, “Liderlik və effektiv komanda quruculuğu”, eləcə də “Münaqişə şəraitində beynəlxalq hüququn tətbiqi və insan hüquqlarının müdafiəsi” mövzularında panel müzakirələri və maarifləndirici sessiyalar keçirilir.

Panel müzakirələrin Fuad Çıraqov, Pərviz Həsənov, Nigar Xəlilova, Aydan Rahimli, Aysel Cəbrayılova, Böyükxanım Babayeva, Qumral Aslanova və Bəhruz Əfəndiyev təlimçi qismində iştirak edərək öz bilik və təcrübələrini düşərgə iştirakçıları ilə bölüşüblər.

Bu müzakirələr tələbələrin müasir hüquqi yanaşmaları dərindən mənimsəməsinə, nəzəri bilikləri praktiki situasiyalarla əlaqələndirməsinə və analitik düşünmə bacarıqlarının inkişafına imkan yaradır.