"Femida Könüllüləri" görüşdə
29 noyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Femida Könüllülərinin hüquq sahəsində peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirilən “LEXARIS” layihəsinin “Dövlət hakimiyyətinin konstitusion əsasları” buraxılışı çərçivəsində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Bəhman Qəribov tərəfindən “İnsan hüquqlarının Konstitusiya Məhkəməsində müdafiəsi: Konstitusiya Məhkəməsinin səlahiyyət dairəsi” mövzusuna həsr olunmuş görüş sessiyası keçirilib.Görüş zamanı insan hüquqlarının konstitusion səviyyədə müdafiə mexanizmləri, Konstitusiya nəzarətinin funksiyaları, fərdi müraciət institutunun hüquqi əsasları və Konstitusiya Məhkəməsinin qərarlarının hüquq sistemində oynadığı presedent rolu ətraflı şəkildə izah olunub. İştirakçılara Konstitusiya Məhkəməsinə müraciət hüququnun hüquqi şərtləri, səlahiyyət hədləri və məhkəmənin insan hüquqlarının təminində xüsusi rolu praktik nümunələr əsasında təqdim edilib.
Sessiya zamanı məhkəmə təcrübəsi üzərindən aparılan analizlər, praktiki situasiya izahları və konstitusion hüquqi məsələlərin müzakirəsi aparılmışdır. İştirakçılar konstitusion ədalətin mahiyyətini, hüquqi təhlilin aparılma üsullarını və insan hüquqlarının müdafiəsində məhkəmə presedentlərinin əhəmiyyətini daha dərindən anlama imkanı əldə ediblər.
Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb, onlara konstitusiya hüququ üzrə peşəkar biliklərini daha sistemli inkişaf etdirmək və gələcək hüquq fəaliyyətlərində konstitusion nəzarət mexanizmlərindən effektiv istifadə etmək üçün faydalı tövsiyələr verilib.


