"Femida Könüllüləri" üçün təlim
13 dekabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Femida Könüllülərinin hüquq sahəsində peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirilən “LEXARIS” layihəsinin “Dövlət hakimiyyətinin konstitusion əsasları” buraxılışı çərçivəsində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət, inzibati və plenum işlərinin təşkili şöbəsinin müdiri Ruhin Yolçuyev tərəfindən “Məhkəmə işlərinin idarə edilməsi” mövzusuna həsr olunmuş təlim sessiyası keçirilmişdir.Təlim zamanı məhkəmə idarəçiliyi sisteminin təşkilati strukturu, məhkəmələrdə iş yükünün bölüşdürülməsi, icraatların planlaşdırılması, sənəd dövriyyəsinin effektiv şəkildə idarə edilməsi və məhkəmə qərarlarının icrasında koordinasiya mexanizmləri ətraflı şəkildə izah edilmişdir. Həmçinin məhkəmələrdə rəqəmsallaşma prosesinin tətbiqi, elektron məlumat sistemlərinin funksionallığı və müasir idarəetmə standartlarının məhkəmə fəaliyyətinə təsiri barədə geniş məlumat verilmişdir.
Sessiya çərçivəsində məhkəmə işlərinin operativ və şəffaf şəkildə təşkili, məhkəmə aparatı əməkdaşlarının səlahiyyətləri, eləcə də məhkəmə qərarlarının icrası üzrə institusional mexanizmlər praktiki aspektlərdən təhlil edilmişdir. İştirakçılar real məhkəmə situasiyalarının modelləri əsasında mövzunu daha dərindən anlama imkanı əldə etmişlər.
Təlim iştirakçıları məhkəmə idarəçiliyi sisteminin həm nəzəri, həm də tətbiqi tərəfləri ilə yaxından tanış olmuş, məhkəmə fəaliyyətində səmərəliliyin artırılması, işlərin vaxtında və düzgün icrası istiqamətində əsas prinsipləri mənimsəmişlər. Təlim çərçivəsində əldə olunan bilik və bacarıqların onların gələcək hüquqi fəaliyyətində praktiki əhəmiyyət daşıdığı xüsusi vurğulanmışdır.




