"Femida Könüllüləri" üçün təlim
20 dekabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Femida Könüllülərinin hüquq sahəsində peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirilmiş “LEXARIS” layihəsinin “Dövlət hakimiyyətinin konstitusion əsasları” buraxılışı çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 20 saylı vəkil bürosunun rəhbəri İlhama Həsənova tərəfindən “Konstitusiyanın təminatı: Cinayət mühakiməsində müdafiə” mövzusuna həsr olunmuş təlim baş tutmuşdur.Təlim zamanı Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş müdafiə hüququnun mahiyyəti, bu hüququn cinayət mühakiməsində rolu və təminat mexanizmləri ətraflı şəkildə izah olunmuşdur. Müdafiə hüququnun hüquqi təbiəti, şübhəli və təqsirləndirilən şəxsin əsas prosessual hüquqları, vəkilin cinayət prosesində iştirakı və müdafiənin həyata keçirilmə formaları konstitusion və cinayət-prosessual normalar kontekstində təhlil olunmuşdur.
Sessiya çərçivəsində müdafiə hüququnun pozulmasının hüquqi nəticələri, ədalətli məhkəmə araşdırması prinsipi, tərəflərin bərabərliyi və çəkişmə prinsipi kimi fundamental anlayışlar praktiki nümunələr əsasında izah edilmişdir. Həmçinin ilkin istintaq mərhələsində müdafiənin təmin olunması, sübutların toplanmasında müdafiə tərəfinin rolu və məhkəmə baxışı zamanı müdafiə strategiyalarının qurulması məsələlərinə diqqət yetirilmişdir.







