Xəbərlər

“Məktəblinin Hüquq Bələdçisi” layihəsi

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəblinin Hüquq Bələdçisi” layihəsi ölkə üzrə məktəblilər və peşə təhsili müəssisələrinin tələbələri arasında hüquqi biliklərin artırılması, vətəndaş cəmiyyətinə inteqrasiyanın təşviqi və gənclərdə hüquqi mədəniyyətin formalaşdırılması məqsədi daşıyır.

30 oktyabr 2025-ci il tarixində layihə çərçivəsində  Gəncə şəhər M.A.Abbaszadə adına 20 №-li tam orta məktəbində “Mülkiyyət əleyhinə cinayətlər” mövzusunda maarifləndirici təlim təşkil olunmuşdur.

Tədbirin əvvəlində iştirakçılara 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyəti, bu təşəbbüsün hüquqi dövlət quruculuğu, milli suverenlik və konstitusiya dəyərlərinin təbliği baxımından oynadığı mühüm rol barədə məlumat verilmişdir.

Təlim zamanı şagirdlərə mülkiyyət əleyhinə cinayətlərin nə olduğu, bu cür hərəkətlərin insanlara və cəmiyyətə necə ziyan vurduğu izah edilmişdir. Mülkiyyətin qorunmasının dövlətin əsas prinsiplərindən biri olduğu və hər kəsin başqasının əmlakına hörmət etməli olduğu vurğulanmışdır.

Sadə nümunələr və gündəlik həyatdan situasiyalar əsasında şagirdlərə hansı halların hüquq pozuntusu sayıldığı açıqlanmış, interaktiv sual-cavab hissəsində onlar müxtəlif vəziyyətləri təhlil edərək hüquqi nəticələri özləri müəyyən etməyə çalışmışlar.