“Məktəblinin Hüquq Bələdçisi” layihəsi çərçivəsində təlim
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəblinin Hüquq Bələdçisi” layihəsi ölkə üzrə məktəblilər və peşə təhsili müəssisələrinin tələbələri arasında hüquqi biliklərin artırılması, vətəndaş cəmiyyətinə inteqrasiyanın təşviqi və gənclərdə hüquqi mədəniyyətin formalaşdırılması məqsədi daşıyır.08 may 2025-ci il tarixində layihə çərçivəsində Dəmir Yolu və Metropoliten üzrə Bakı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “İctimai təzyiq və bullinq” mövzusunda maarifləndirici təlim təşkil olunmuşdur.
Tədbirin əvvəlində iştirakçılara 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyəti, bu təşəbbüsün hüquqi dövlət quruculuğu, milli suverenlik və konstitusiya dəyərlərinin təbliği baxımından oynadığı mühüm rol barədə məlumat verilmişdir.
Təlim zamanı iştirakçılara “ictimai təzyiq” və “bullinq” anlayışlarının hüquqi və sosial mahiyyəti izah edilmiş, bu halların psixoloji və sosial fəsadları barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bullinqin qarşısının alınması üçün mövcud qanunvericilik çərçivəsində hüquqi mexanizmlər mövcuddur və gənclər hüquqlarını bilməli, hüquq pozuntuları ilə qarşılaşdıqda aidiyyəti qurumlara müraciət etməlidirlər.
Təlim interaktiv formatda keçirilmiş, mövzu ilə bağlı maarifləndirici oyunlar təşkil olunmuş, iştirakçıların sualları cavablandırılmış və onların aktiv iştirakı təmin edilmişdir.